Canlılardakı bütün zülalların sol əlli olmasını təsadüflə açıqlamaq qeyri-mümkündür

“Mənalı” zülalın əmələ gəlməsi üçün, bir qədər əvvəl qeyd etdiyimiz kimi, təkcə bu zülalı təşkil edən amin turşularının müəyyən sayda, mükəmməl ardıcıllıqla və xüsusi üçölçülü dizayna uyğun şəkildə birləşmələri artıq kifayət etməyəcək. Bütün bunlarla yanaşı, həmin amin turşularının hamısı sol əlli olmalı və aralarında heç bir sağ əlli amin turşusu olmamalıdır.
Kimyəvi cəhətdən eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla iki fərqli növü var. Bunların arasındakı fərq üçölçülü quruluşlarının bir-birinə zidd tərəfli olmasından qaynaqlanır. Eynilə insanın sağ və sol əllərindəki fərq kimi...
Hər iki qrupdan olan amin turşuları bir-birləri ilə asanlıqla birləşir. Lakin aparılan təhlillər nəticəsində ortaya təəccüblü həqiqət çıxmışdır: ən bəsit orqanizmdən ən mürəkkəbinə qədər bütün canlılardakı zülallar, təkcə sol əlli amin turşularından təşkil olunur. Zülalın quruluşuna bircə sağ əlli amin turşusu belə əlavə olunsa, həmin zülal yararsız hala düşər. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ əlli amin turşuları verilmiş, lakin bakteriyalar bu amin turşularını dərhal parçalamışlar, bəzi hallarda isə bu parçalardan yenidən istifadəyə yararlı sol əlli amin turşuları əmələ gətirmişlər.

Bir anlıq təkamülçülərin dediyi kimi, canlıların meydana gəlməsi üçün lazım olan amin turşularının öz-özünə əmələ gəldiyini fərz edək. Bu təqdirdə, təbiətdə sağ və sol əlli olmaqla eyni miqdarda amin turşusu olardı. Dolayısilə, bütün canlıların orqanizmində sağ və sol əlli amin turşuları qarışıq miqdarda olmalı idi. Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan amin turşularının bir-biri ilə asanlıqla birləşməsi mümkündür. Halbuki, bütün canlı orqanizmlərdəki zülallar təkcə sol əlli amin turşularından təşkil olunmuşdur.

Zülalların bunların arasından ancaq sol əlli amin turşularını necə seçdiyi və araya heç bir sağ əlli amin turşusunun necə qarışmadığı təkamülçülərin açıqlaya bilmədiyi məsələlərdən biri kimi qalmışdır. Təkamülçülər bu qədər xüsusi və şüurlu seçici prosesi heç cür açıqlaya bilmirlər.

Habelə, açıq-aydın göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin “təsadüf” düyününü daha da açılmaz vəziyyətə gətirir. Bu vəziyyət təkamül nəzəriyyəsinin kor-koranə müdafiəçisi olan “Britannika” adlı elmi ensiklopediyada belə ifadə edilir:

“...Yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı, zülallar kimi mürəkkəb polimerlərin özül elementləri, eyni asimmetriya tipindədir. Sanki tamamilə sol əllidirlər. Bu, müəyyən baxımdan, milyon dəfələrlə havaya atılan qəpiyin həmişə eyni üzü  üstə düşməsinə bənzəyir. Molekulların necə sol əlli və ya sağ əlli olduqları tam qavranıla bilməz. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır”.

Bir qəpik milyon dəfələrlə havaya atıldıqda həmişə eyni üzü üstə düşürsə, bunu təsadüflə açıqlamaq məntiqlidir, yoxsa birinin şüurlu şəkildə havaya atılan pula müdaxilə etdiyini qəbul etmək? Cavab aydındır. Belə prosesin təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Üstəlik, burada bəhs etdiyimiz proses qəpiyin milyon dəfələrlə eyni üzü üstə düşməsindən olduqca çətin ehtimaldır. Lakin təkamülçülər bu aydın həqiqətə baxmayaraq, sırf  “müdaxilənin” olduğunu qəbul etmək istəmədiklərinə görə təsadüfə sığınırlar. Amin turşularının lazımi zülalları əmələ gətirmək üçün bir-birləri ilə razılaşdığına və xüsusi plan əsasında sol əlli olanlarını seçdikləri kimi, ağılsız iddialara inanırlar. Halbuki, hər ağıllı insan buraya qədər bəhs etdiyimiz möcüzəvi hadisələrdən açıqca anlayar ki, canlılar sonsuz qüdrət sahibi Allah tərəfindən bütün təfsilatlarıyla mükəmməl yaradılıblar.

Geri