Yer kürəsinin temperaturu çox xüsusi intervalda təşkil edilmişdir

Amerikalı geoloqlar Frank Press və Reymond Siver (Raymond Siever) Yer səthinin temperaturundakı incə sazlamaya diqqət çəkirlər. Bildirdiklərinə görə; "həyat yalnız çox məhdud temperatur intervalında mövcud ola bilər və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır temperaturu arasında ola biləcək temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin temperaturu isə tam bu kiçik intervaldadır.

Bu temperatur intervalının qorunub saxlanılması, əlbəttə ki, Günəş ilə Yer kürəsi arasındakı məsafə qədər, Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqəlidir. Hesablamalara görə Yerə çatan Günəş enerjisindəki 10%-lik azalma, yer səthinin metrlərlə qalınlıqda buzlaq təbəqəsi ilə örtülməsiylə nəticələnəcək. Enerjinin bir qədər artması isə, bütün canlıların qovrularaq ölməsinə səbəb olacaq.
Yer kürəsinin ideal temperaturunun, planetdə bərabər şəkildə paylanması da olduqca əhəmiyyətlidir. Necə ki, bu tarazlığın təmin edilməsi üçün, çox xüsusi bəzi tədbirlər alınmışdır. Məsələn, Yerin xəyali oxunun orbit müstəvisinə olan 23⁰27′-lik meyilliyi, qütblərlə ekvator arasında hava təbəqəsinin əmələ gəlməsinə maneə törədəcək ifrat istilik yaranmasının qarşısını alar. Əgər bu meyillik olmasaydı, qütblərlə ekvator arasındakı temperatur fərqi olduqca artacaq və yaşana biləcək hava təbəqəsinin yaranması qeyri-mümkün olacaqdı.
Yerin öz ətrafında yüksək fırlanma sürəti də temperaturun bərabər şəkildə paylanmasına kömək edir. Yer yalnız 24 saatlıq müddətdə öz ətrafında fırlanır və bu sayədə gecələr və gündüzlər qısa davam edir. Qısa davam etdikləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu tarazlığın əhəmiyyəti, bir günü bir ildən daha uzun davam edən (yəni öz ətrafında fırlanma müddəti, Günəş ətrafında fırlanma müddətindən daha uzun davam edən) və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000⁰ C-yə çatan Merkuri ilə müqayisə edildikdə görülə bilər.
Yerin relyef formaları da temperaturun bərabər paylanmasına uyğun şəkildə yaradılmışdır. Ekvatorla qütblər arasında təxminən 100⁰ C-lik temperatur fərqi var. Əgər belə temperatur fərqi elə də kələ-kötür olmayan bir səthdə yaransaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar yer səthini alt-üst edərdi. Halbuki yer səthi, temperatur fərqindən ötrü yarana biləcək güclü küləklərinin qarşısını alacaq kələ-kötürlüklərlə təchiz olunub. Bu kələ-kötürlüklər, məsəl üçün, Alp-Himalay dağ qurşağı, Çində Himalay dağlarıyla başlayıb, Kiçik Asiya yarımadasında Tavrla davam edərək Avropada Alp dağlarına qədər uzanır və qərbdə Atlantik okeanına şərqdə isə, Sakit okeana qədər gedib çıxır. Okeanlarda isə, ekvator üzərində yaranan yüksək temperatur, suyun istiliyi mütənasib şəkildə paylaması sayəsində şimala və cənuba doğru ötürülər.

Eləcə də, Yer kürəsinin atmosferində temperaturu fasiləsiz şəkildə tarazlayan bəzi avtomatik sistemlər də yaradılmışdır. Məsələn, bir bölgə həddən artıq isindikdə buxarlanma prosesi sürətlənir və buludlar çoxalır. Bu buludlar isə, Günəşdən gələn şüaların bir hissəsini əks etdirərək aşağıdakı havanın və səthin daha çox isinməsinə mane olur.
Yerin Günəşə olan məsafəsi, öz ətrafındakı fırlanma sürəti, orbit müstəvisinin meyilliyi və relyefi kimi, bir-birindən müstəqil bir çox amil, planetin həyata uyğun şəkildə isinməsini və istiliyin planetə mütənasib şəkildə yayılmasını təmin edər. Yerlə Günəş arasındakı məsafənin xüsusi yaradıldığını qəbul etmək istəməyənlər belə məntiq qururlar: “Kainatda Günəşdən olduqca böyük və ya daha kiçik ulduzlar var. Bunların da mütləq öz planetar sistemləri ola bilər. Əgər bu ulduzlar Günəşdən daha böyükdürlərsə, o zaman həyat üçün ideal planet, Yer kürəsi ilə Günəş arasındakı məsafədən xeyli uzaqda olacaq. Məsələn, bir qırmızı nəhəngin ətrafında Plutonun məsafəsində fırlanan bir planet, bizim planetimiz kimi mülayim atmosferə malik ola bilər. Belə bir planet, həyat üçün Yer kürəsi qədər əlverişli olacaq”.

Bu iddia çox mühüm tərəfdən əsassızdır: müxtəlif kütlələrdəki ulduzların müxtəlif şüalar yayacağı nəzərə alınmır. Ulduzların yaydıqları şüaların hansı dalğa uzunluqlarında olacağını müəyyənləşdirən amil, bu ulduzların kütlələri və kütlələri ilə düz mütənasib olan səth temperaturlarıdır. Məsələn, Günəşin, yaxın ultrabənövşəyi şüalar, görünən şüalar və yaxın infraqırmızı şüalar yaymasının səbəbi, 6000⁰ C-yə yaxın olan səth temperaturudur. Əgər Günəşin kütləsi bir qədər artıq olsaydı, səth temperaturu daha yüksək olardı.

Belə olan halda da, Günəşin yaydığı şüaların enerji səviyyələri artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi şüaları həddən artıq yaymağa başlayardı. Bu vəziyyət bizə, həyatı dəstəkləyəcək şüaları yaya biləcək ulduzların, mütləq bizim Günəşimizin kütləsinə çox yaxın kütləyə sahib olmasının zəruri olduğunu göstərir. Bu ulduzların bir planetdə həyatı dəstəkləyə bilmələri üçünsə, onlar bəhs olunan planetdən, Günəş ilə Yer kürəsi arasındakı hazırkı məsafə qədər uzaqda olmalıdırlar. Digər bir sözlə, bir qırmızı nəhəngin, mavi nəhəngin və ya kütləsi Günəşdən nəzərəçarpan dərəcədə fərqli olan başqa hər hansı bir ulduzun ətrafında fırlanan hər hansı planet, həyat mənbəyi ola bilməz. Həyatı dəstəkləyəcək yeganə enerji mənbəyi Günəş kimi bir ulduzdur. Həyat üçün əlverişli olan yeganə planetar məsafə isə, Yer-Günəş məsafəsidir.
* * *
Buraya qədər deyilənlərdən aydın olduğu kimi, Yer və Günəş, aralarındakı məsafə, orbitləri, meyillikləri, yaydıqları şüa, enerji, bir sözlə, istənilən təfsilatla birlikdə Allah tərəfindən insanların yaşamasına ən uyğun olacaq şəkildə yaradılmışdır. Təkcə Günəşlə Yer arasındakı məsafənin tam lazımi ölçüdə olması belə möcüzəvi hadisə olduğu halda, digər yüzlərlə, hətta minlərlə xüsusiyyətin tam lazımi ölçülərdə olması, şübhəsiz ki, insan ağlının hüdudlarını aşan hadisədir. Belə möhtəşəm sistemin təsadüfən əmələ gəlməsi, şüursuz atomların əmələ gətirdiyi göy cisimlərinin təsadüfən tam lazımi yerdə yerləşmələri, həyat üçün lazımi tarazlıqları müəyyən etmələri və buna uyğun sistemlər əmələ gətirmələri qeyri-mümkündür. Bütün bu mükəmməl sistemlər insanlar üçün Allahın üstün qüdrətinin və yaratmasının dəlilidir.

Quranda Allahın ucalığı, kainat və dünya üzərindəki hakimiyyəti, bütün bunlar qarşısında insanın şükür etməli olduğu belə bildirilmişdir:

Həqiqətən, sizin Rəbbiniz, altı gündə göyləri və yeri yaradan, sonra da ərşə ucalan Allahdır. Gündüzü, dayanmadan özünü təqib edən gecə ilə bürüyən, Günəşə, Aya və ulduzlara Öz əmri ilə boyun əydirən Odur. Bilin ki, yaratmaq da, əmr etmək də (yalnız) Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Əraf surəsi, 54)

Seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. Sizə istədiyiniz şeylərin hamısından verdi. Əgər Allahın nemətlərini saymağa çalışsanız, onu sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalımdır, çox nankordur. (İbrahim surəsi, 33-34)

Geri