Proton və elektron arasındakı möhtəşəm uyğunluq, elektrik yüklərindəki uyğunluq

Proton elektrondan həcm və kütlə cəhətdən olduqca böyükdür. Protonun kütləsi elektronun kütləsindən 1836 dəfə böyükdür. Əgər konkret müqayisə aparmaq lazımdırsa, aralarındakı fərq, insanla fındıq dənəsi arasındakı fərq kimidir. Yəni elektronla protonun elə də "bənzər" fiziki strukturları yoxdur.
Lakin maraqlıdır ki, bu iki fərqli zərrəciyin elektrik yükü bir-birinə tam bərabərdir! Biri müsbət, digəri isə mənfi elektrik yüklüdür, lakin bu yüklərin şiddəti bir-birinə tam bərabərdir. Bunun sayəsində atomun elektrik yükü tarazlanar. Halbuki, bu bərabərliyin olmasını vacib edən heç bir səbəb yoxdur. Əksinə, fiziki cəhətdən gözlənilən vəziyyət, elektronun elektrik yükü kütləsi ilə mütənasib olaraq protonun elektrik yükündən xeyli az olmasıdır.

Bəs görəsən vəziyyət belə olsaydı, yəni proton və elektronun elektrik yükləri bərabər olmasaydı, nə baş verərdi?
Belə olan halda, kainatdakı bütün atomlar, protonun artıq müsbət elektrik yükünə görə müsbət elektrik yüklü olardı. Bunun nəticəsində isə, kainatdakı bütün atomlar bir-birini itələyərdi.

Görəsən bu vəziyyət indi gerçəkləşsə nə baş verər? Kainatdakı atomların hər biri, bir-birini itələsə nələr baş verər?
Fövqəladə şeylər baş verər. Əvvəla, sizin bədəninizdə baş verəcək dəyişikliklərdən başlayaq. Atomlarda bu dəyişiklik baş verdiyi anda, hazırda bu kitabı tutan əlləriniz və qollarınız bir anda parça-parça olarlar. Təkcə əlləriniz və qollarınız deyil, bədəniniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, bir sözlə, bədəninizin hər hissəsi parça-parça olar. İçində oturduğunuz otaq, pəncərədən görünən xarici dünya da bir anda parça-parça olar. Yer üzündəki bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı göy cisimləri eyni anda sonsuz hissələrə parçalanıb məhv olar. Eləcə də, bir daha kainatda gözlə görünən heç bir cisim olmaz. Kainat adlandırdığımız şey, müntəzəm surətdə bir-birlərini itələyən atomların xaosundan ibarət olar.

Bəs görəsən bu mütləq fəlakətin baş verməsi üçün, elektron və protonun elektrik yüklərində nə qədər fərq olmalıdır? 0,01-lik fərq olsa, yenə də bu fəlakət baş verərmi? Yoxsa kritik hədd 0,001-dirmi? Professor Corc Qrinsteyn (George Greenstein) “The symbiotic universe” (“Simbiotik kainat”) adlı kitabında bu mövzu barədə bunları yazır:
“Əgər iki elektrik yükü bir-birindən 100 milyardda 1 nisbətində belə fərqlənsəydi, bu, insanlar, daşlar kimi kiçik cisimlərin parçalanması üçün kifayət edərdi. Yer və Günəş kimi daha böyük cisimlər isə bu tarazlığa daha həssasdır. Göy cisimləri üçün lazım olan tarazlıq milyard dəfə milyardda 1-dir”.

 

Saylarındakı uyğunluq

Kainatdakı protonların sayının elektronlarınkına nisbəti də çox mühüm miqdardadır. Bu miqdar cazibə qüvvəsi ilə elektromaqnit qüvvəsi arasındakı həssas tarazlığı təmin edir. Kainatın yaşı hələ 1 saniyədən də az olarkən anti-protonlar əks zərrəcikləri olan bərabər saydakı protonları məhv edər və geridə, hazırkı kainatın özül elementi olan müəyyən saydakı proton qalar. Eyni proses elektronlarla pozitronlar (anti-elektronlar) arasında da baş verər. Təəccüblüdür ki, geridə qalan protonlar və elektronlar 1037-də 1 qədər heyrətamiz kiçik fərqlə eyni saydadırlar.

Bu bərabərlik isə kainatdakı elektromaqnit tarazlığın təmin edilməsində çox mühüm ünsürdür. Çünki elektron və ya protonların sayındakı fərq eyni elektrik yüklü zərrəciklərin bir-birini itələməsinə və bir-birindən uzaqlaşmasına səbəb olardı. Bu isə kainatdakı subatom zərrəciklərin atomları, maddəni və bütün göy cisimlərini əmələ gətirmək üçün bir-biri ilə birləşməsinə mane olardı. Nəticədə isə qalaktikalar, ulduzlar, planetlər əsla mövcud olmazdı. Təbii ki, həyat üçün ən uyğun planet olan planetimiz də...

Geri