Kainatdakı digər qüvvələr arasındakı fövqəladə tarazlıq

Cazibə qüvvəsindən sonra universal qanunları tənzimləyən digər qüvvələri təhlil etdiyimiz vaxt, bu qüvvələrin də olduqca həssas nizamlanmış qiymətlərə sahib olduqlarını və bu qiymətlərin öz aralarında olduqca həlledici nisbətlərdə tarazlanmış olduğunu görərik.

 

Elektromaqnit qüvvəsi

Məlum olduğu kimi, canlı-cansız bütün varlıqlar atom adlanan əsas özül elementindən əmələ gəlir. Atom, nüvədə proton adlanan zərrəciklər və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan təşkil olunur. Bir atomun nüvəsindəki proton sayı həmin atomun növünü müəyyən edir. Məsələn, 1 protonu olan atoma hidrogen atomu, 2 protonu olan atoma helium atomu, 26 protonu olan atoma dəmir atomu deyilir. Bu, digər bütün elementlərə də aiddir.
Atomun nüvəsindəki protonlar müsbət, ətrafında fırlanan elektronlar isə mənfi elektrik yükünə sahibdirlər. Proton və elektronun bu əks elektrik yükləri aralarında cazibə əmələ gətirir və bu cazibə elektronları atom nüvəsinin ətrafındakı orbitlərdə saxlayır. Məhz əks elektrik yüklü proton və elektronları bir-birinə bağlayan bu qüvvəyə elektromaqnit qüvvəsi deyilir.
Atomun nüvəsinin ətrafındakı elektron orbitlərinin xüsusiyyətləri atomların öz aralarında hansı rabitələr yaradaraq hansı molekulları əmələ gətirəcəklərini müəyyən edər.

Kainatdakı dörd əsas qüvvədən biri olan elektromaqnit qüvvəsinin qiyməti azacıq kiçik olsaydı, az miqdarda elektron nüvənin ətrafındakı orbitlərdə qala bilərdi. Bu bir az daha böyük olsaydı, bu zaman da heç bir atom digər atomlarla birləşmək üçün orbitini paylaşa bilməzdi. Hər iki halda da, həyat üçün lazımi molekullar əmələ gələ bilməzdi.


Güclü nüvə qüvvəsi

Güclü nüvə qüvvəsi atomun nüvəsindəki protonları və neytronları birlikdə saxlayan qüvvədir. Bir qədər əvvəl bəhs etdiyimiz kimi, protonlar müsbət elektrik yüklü zərrəciklərdir. Elektromaqnit qanununa əsasən, əks elektrik yüklü zərrəciklər bir-birlərini cəzb edər, eyni elektrik yüklü zərrəciklər isə bir-birlərini qüvvətlə itələyərlər. Yəni elektron və protonlar bir-birini cəzb edər, protonlar isə digər protonları, elektronlar da elektronları itələyərlər.
Bir çox atom növünün nüvəsində onlarla proton bitişik vəziyyətdə yerləşir. Təbiidir ki, bu protonlar bir yerə gələn kimi böyük enerji ilə bir-birini itələməli və uzaqlaşaraq kosmosa dağılmalı idilər. Lakin belə olmaz, atomun nüvəsindəki protonlar böyük qətiyyətlə bitişik vəziyyətdə durarlar. Çünki onları sanki bir-birinə yapışdıran və elektromaqnit itələmə qüvvəsindən olduqca güclü olan bir qüvvə var: güclü nüvə qüvvəsi.
Güclü nüvə qüvvəsi kainatdakı ən güclü qüvvədir. Bu qüvvə öz nəhəng gücünü, atom və hidrogen bombalarında göstərər. Bu enerji mənbəyi, Günəşin 4,5 milyard ildən bu günə qədər işlətdiyi və bundan sonra da işlədə biləcəyi hesablanan 5 milyard illik yanacaq təmin edir. Bu möhtəşəm qüvvənin ədədi qiyməti, kainatın ən həlledici qiymətlərindən biridir. Güclü nüvə qüvvəsi sabitinin qiymətində bir neçə faiz azalma və ya artım olsaydı, həyatın ən təməl elementi olan karbon mövcud ola bilməzdi. Bir qədər daha ciddi dəyişiklik isə, bütün fiziki qanunların dəyişməsinə və kainatdakı tarazlıq və nizamın alt-üst olmasına səbəb olardı.

Atom nüvəsindəki elementləri birlikdə saxlayan bu “güclü nüvə qüvvəsi” ilə digər universal qüvvə olan “elektromaqnit qüvvə” arasındakı nisbət də olduqca həssas qiymətlərlə tənzimlənmişdir.
Əgər güclü nüvə qüvvəsi bir az belə daha zəif olsaydı, yuxarıda bildirdiyimiz kimi, atom nüvəsini təşkil edəcək protonlar birlikdə dayana bilməz və elektromaqnit qüvvəsinin təsiri ilə bir-birlərini itələyərək kosmosa dağılardılar. Belə olduqda isə, nüvəsində 1-dən çox proton olan heç bir atom mövcud ola bilməzdi. Dolayısilə, kainatdakı yeganə element bir protonlu hidrogen olardı.

Əgər güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən bir az belə daha güclü olsaydı, bu dəfə də kainatda bir protonlu atomlar, yəni hidrogen atomları heç vaxt mövcud ola bilməzdi. Çünki nüvə qüvvəsi elektromaqnit qüvvəsini xeyli üstələyəcəyindən kainatdakı bütün protonlar bir-birləriylə birləşməyə meyl edəcək və bir qədər əvvəl bildirdiyimiz kimi, bir protonu olan hidrogen atomları əmələ gələ bilməyəcəkdi. Bu zaman, ulduzlar və qalaktikalar əmələ gəlsəydilər də, hazırkı quruluşlarından çox fərqli olacaqdılar. Açığı, əgər bu əsas qüvvələr və fiziki dəyişənlər hazırkı qiymətlərinə tam sahib olmasaydılar, heç bir ulduz, ifrat yeni ulduz, planet və atom əmələ gələ bilməyəcəkdi. Bunun nəticəsində təbii ki, həyat adlı məhfum da olmayacaqdı.

 

Zəif nüvə qüvvəsi

Kainatdakı digər əsas qüvvə olan zəif nüvə qüvvəsi də, çox xüsusi hesablanmış qiymətə sahibdir. Zəif nüvə qüvvəsi bəzi subatom zərrəciklər tərəfindən daşınan və bir növ radioaktiv parçalanmaya səbəb olan qüvvədir. Zəif nüvə qüvvəsinin səbəb olduğu radioaktiv parçalanmaya misal olaraq neytronların bir proton, bir elektron və bir antineytrino əmələ gətirərək parçalanmasını göstərə bilərik.
Buradan da başa düşüldüyü kimi, atomun nüvəsindəki əsas zərrəciklərdən biri olan neytron, əslində sadaladığımız digər 3 zərrəciyin birləşməsindən əmələ gələr. Zəif nüvə qüvvəsi isə yuxarıda bildirdiyimiz kimi, neytronların bu tərkiblərinə parçalanmasına səbəb olar. Lakin zəif nüvə qüvvəsinin böyüklüyü bu prosesi çox həssas tarazlıqda saxlayacaq formada nizamlanmışdır.

Əgər zəif nüvə qüvvəsinin qiyməti bir az daha böyük olsaydı, neytronlar daha asan parçalanar və kainatda nadir hallarda mövcud olardılar. Belə olan halda, böyük partlayışdan indiyədək nüvəsində 2 neytron olan helium, çox az əmələ gələr və ya heç əmələ gəlməzdi. Məlum olduğu kimi, helium hidrogendən sonra ən yüngül ikinci elementdir. Lazımi qədər helium olmadıqda isə həyat üçün zəruri olan ağır elementlər ulduzların nüvəsindəki nüvə sobalarında əmələ gətirilə bilməzdilər. Çünki “karbon”, “oksigen”, “dəmir” kimi ağır elementlər (bir qədər əvvəlki başlıqlarda da qeyd etdiyimiz kimi) helium nüvələrinin nəhəng ulduzların mərkəzində bir-biri ilə birləşməsi nəticəsində əmələ gəlir. Yəni helium müəyyən mənada digər elementlərin əsas özül elementidir. Dolayısilə heliumun olmaması, həyat üçün zəruri olan digər daha ağır elementlərin də əmələ gələ bilməməsi deməkdir.

Eləcə də, əgər zəif nüvə qüvvəsinin qiyməti bir az daha kiçik olsaydı, böyük partlayış hidrogenin böyük hissəsini, hətta hamısını heliuma çevirər və nəticədə ulduzlarda hasil edilən ağır elementlərin sayı anormal dərəcədə artardı. Bu vəziyyət də, həyatı qeyri-mümkün edən bir ünsür olardı.

Zəif nüvə qüvvəsinin həssas qiymətini həlledici edən ünsürlərdən biri də bu qüvvənin neytrino adlanan subatom zərrəcikləri üzərindəki təsiridir. Neytrinolar, ulduzların nüvəsində əmələ gələn və həyat üçün zəruri olan ağır elementlərin ifrat yeni ulduz partlayışları ilə kosmosa atılmasında həlledici rol oynayarlar. Neytrinolara təsir edə bilən yeganə universal qüvvə isə zəif nüvə qüvvəsidir.

Əgər zəif nüvə qüvvəsi bir az daha zəif olsaydı, neytrinolar heç bir cazibə sahəsinə düşmədən olduqca sərbəst hərəkət edə bilərdilər. Bunun nəticəsində isə ifrat yeni ulduz partlayışı zamanı ulduzun xarici təbəqələri ilə kifayət qədər reaksiyaya girmədən qaçar, bu da ağır elementlərin kosmosa atılmasının qarşısını alardı. Eləcə də, əgər zəif nüvə qüvvəsi daha güclü olsaydı, neytrinolar ifrat yeni ulduzların mərkəzlərində dustaq qalar və yenə həyatın özül elementi olan ağır elementlər kosmosa atılmazdı.

Pol Devis (Paul Davies) kainatdakı əsas fiziki qanunların insan həyatı üçün ən uyğun şəkildə müəyyənləşdirildiyini, əgər kainatdakı qüvvələrə aid ədədi qiymətlər ölçüsü bir az daha fərqli olsa, kainatın olduqca fərqli quruluşda olacağını bildirir və belə davam edir:

“Eləcə də, böyük ehtimalla, onu görmək üçün biz burada ola bilməyəcəkdik... Həmçinin İnsan kosmologiyanı tədqiq etdikcə, ağlasığmazlıq daha da nəzərə çarpmağa başlayır. Kainatın başlanğıcı haqqındakı son kəşflər, genişlənən kainatın heyranedici həssaslıqla nizamlandığını göstərir”.

Böyük partlayışın böyük dəlili olan kosmik fon radiasiyasını, ilk dəfə Robert Uilson (Robert Wilson) ilə birlikdə müşahidə edən və 1965-ci ildə buna görə Nobel mükafatı qazanan Arno Penzias isə kainatdakı bu fövqəladə nizamla bağlı belə izah verir:

“Astronomiya bizi çox fövqəladə bir hadisəyə aparır - yoxluqdan yaradılmış bir kainata. Həyatın yaranmasına imkan yaradacaq lazımi şərtləri tam təmin edəcək həssas tarazlıqla qurulmuş, bu məqsədə dair bir plana sahib olan bir kainat”.

Kolumbiya Universitetindən nəzəri fizika professoru Robert Yastrov (Robert Jastrow) da bu labüd həqiqəti: “fiziklərin və astronomların fikrincə, kainat, məhz insanın yaşaması üçün çox dar qiymətlər intervalında yaradılmışdır. Bu həqiqət antropik prinsip (anthropic principle) adlandırılır. Mənim fikrimcə, bu, elmin bu günə qədər gəldiyi ən metafizik nəticədir” deyə bildirir.

Buraya qədər təfsilatlı izah etdiyimiz kimi, kainatdakı qüvvələrin həm öz qiymətləri, həm də öz aralarında yaratdıqları tarazlıqlar, əsla təsadüflə açıqlanmayacaq qədər möcüzəvidir. Kainatda gördüyümüz bu tarazlıqlarla bağlı ədədi qiymətlərdə 1-2 faizlik belə fərq olmaması, bu fövqəladə vəziyyəti göstərir. Üstəlik, bu tarazlıqların dünya əmələ gəldiyi andan bəri heç dəyişmədən davam etməsi, həmişə eyni həssas nizamı qoruması, əsla xəta baş verməməsi bu fövqəladə vəziyyəti daha da vurğulayır. Yuxarıdakı elm adamlarının da açıqca bildirdiyi kimi, bütün bunlar kainatın “həssaslıqla nizamlanmış” və “həssas tarazlıqla qurulmuş” olduğunun qəti sübutudur. Əlbəttə ki, belə möcüzəvi tarazlığın təsadüfən, öz-özünə qurulduğunu, öz-özünü nizamladığını iddia etmək ağılsızlıq olar. Bu mükəmməl tarazlıq sonsuz elm və qüdrət sahibi bir Yaradan tərəfindən qurulmuş və nizamlanmışdır. Yaradanımız, göyləri üstün qüdrətlə yaradan Allahdır.

Geri